Tibbi maskalar
  • Məqalələr
  • 20.09.2024, 21:40
  • Alo, Həkim

Tibbi maskalar

İndiki tibbi maskaların əcdadı XVII əsrin əvvəllərində fransız həkimi Şarl Lorm tərəfindən “taun” xəstəliyindən qorunmaq üçün kostyumun bir hissəsi kimi icad edilən “quş dimdiyi” idi.

Bura əlcəklər, palto, kənarları sifəti örtən papaq və içərisində qurudulmuş təravətli otlar qoyulmuş bütün üz nahiyəsini əhatə edən quş dimdiyinə bənzər uzun burunlu maska daxil idi.

Axmaq qoxuların təsirini azaltmaq üçün nəzərdə tutulan maska respirator rolunu oynayırdı. Onun göz hissələrini isə şüşədən hazırlayırdılar.

XIX əsrin sonlarında həkim Pol Berjer və İohann Mikuliç-Radetskiy eyni vaxtda müasir maskaların oxşarını kəşf etdilər.

1879-cu ilin sonlarında Pol Berjer xəstə ilə təmas zamanı ağız suyu və ya hər hansı bir infeksiyadan qorunmaq məqsədilə altı qatdan ibarət maskadan istifadə etməyə başladı. O, bu müşahidələrini bir ildən çox apardı və sonda maskada olarkən xəstə ilə təmas zamanı yoluxan infeksiyaların azaldığını gördü.

Eyni zamanda, cərrah İohann Mikuliç-Radetskiy də əməliyyatlar zamanı tənzifdən olan maskalardan və əlcəkdən istifadə etməyə başlamışdı.

Artıq 1920-ci ildə bir çox Avropa ölkələrində tibbi maskalardan istifadə olunurdu. Onlardan hətta sıravi vətəndaşlar da epidemiyalardan və Birinci Dünya müharibəsi zamanı isə kimyəvi silahların çirlənməsindən qorunmaq üçün istifadə edirdilər. Tibbi maskaları əsasən tənzif və digər bu kimi materiallardan ara qatını isə yun və ya pambıqdan hazırlayırdılar. Hazırda istehsalatda parça olmayan polimer materiallardan istifadə edilir. Tibbi maskalar prosedur, gündəlik, cərrahi və xüsusiləşdirilmiş olub bir-birindən süzgəcləri və təbəqələri ilə fərqlənir.

Tibbi maska qorunmaq üçün ən geniş yayılmış vasitələrdən biridir. Maskalar üzə yapışmadığından tamamən qorumasa da 50% olsa belə yoluxmanın qarşısını ala bilir. Tibbi maskaları təkrar işlətmək olmaz. Epidemiyalarda maskaların hər 2-3 saatdan bir, çirklənmiş hava şəraitində isə 6 saatdan bir dəyişdirilməsi tövsiyyə olunur.