25.04.2025, 00:11
GəyirməSüd vəzi xəstəlikləri
- Kəmalə xanım, dövrümüzdə daha çox hansı süd vəzi xəstəlikləri geniş yayılmış sayılır?
- Süd vəzi xəstəlikləri xoşxassəli və bədxassəli olub iki qurupa ayrılır. Bunlara əslində xəstəlik deyil, sadəcə süd vəzisinin dəyişikliyi deyilir. Yəni xanımların daha çox eşitdiyi kimi fibrodinomalar, kistalar, mastopatiya adlanır. Digər daha çox rast gəlinən formalardan biri də xoşxassəli olsa da sonradan bədxasəliyə çevdilə bilən süd vəzilərinin axardaxili papillomalarıdır. Buna son vaxtlar daha çox rast gəlinir. USM və ya mammoqrafiya müayinəsində nəticələrin təmiz çıxmasına baxmayaraq süd vəzi giləsi sıxılarkən qan və ya tünd rəngli maye gəlməsi müşahidə edilir. Bu halda əməliyyata göstəriş olunur. Çünki axardaxili papillomalar xərçəngə çevrilə bilər. Bir də ki, süd vəzin bədxassəli dəyişiklikləri olur və bu forma da xeyli artmışdır.
- Bu xəstəlikləri törədən amillər nələrdir?
- Bunu törədən amillər iki formada olur. Yəni endogen-daxili amillərdən və eksogen-xarici amillərdən törəyənlər. Xarici amillər xarici mühit amilləridir, məsələn, stresi buna əsas missal göstərmək olar. Biz digər onkoloji xəstəliklərdə də xanımlarla dialoq aparanda görürük ki, burahda stres faktoru əsas yerlərdən birini tutur. Burada tək stres də deyil immunitetin aşağı düşməsi nəticəsində orqanizmin zəifləməsi baş verir ki, bu zaman da stres əsas rollardan birini oynamış olur. Eyni zamanda xroniki xəstəliklərin olması kimi hallar da önəm daşıyır. Bəzən xanımlarda daxili endogen amillərdən, məsələn, qalxanabənzər vəz xəstəliklərindən zob problemi, hormonal problem olur, aybaşı pozulmaları olur və ya piylənmədən əziyyət çəkir və s. bu kimi xəstəliklərdən də süd vəzi problemləri yaranır. Amma yenə də qeyd etmək istərdim ki, stres bu faktorlar içərisində demək olar birinci yerdə durur. Bütün onkoloji xəstəliklərin ilkin səbəbi kimi sters önə çəkilir. Stres özü bütün daxili orqanları, hormonları sıradan çıxarır. Bəzən deyirlər ki, xanım gec ailə qurursa, gec əmizdirirsə belə hallara təsadüf edilir. Amma gündəlik təcrübələrimizdə və ya statistikaya nəzər saldıqda görürük ki, bu kimi hallar o qədər də önəm daşımır. Düzdür, irsiyyətin hər halda rolu vardır, bu halda da süd vəzi xərçəngi keçə bilir. Yəni bu halda irsiyyət yolu ilə BRCA1 və BRCA2 genləri ilə xərçəng keçə bilir. Amma yenə də stres öndə gəlir.
- Əsasən hansı yaşdan sonra süd vəzi xəstəlikləri baş verir?
- Artıq mən xüsusi olaraq bir yaş həddi deməzdim. Əvvəllər biz 18 və daha yuxarı yaşları qeyd edirdik. Məsələn, əvvəllər mammoqrafiyanı 45 yaşdan yuxarı tövsiyyə edirdiksə, indi bu yaş həddi 35-dir. Hətta 9-10 yaşlarında uşaqlarda süd vəzidə kistaların olmasını müşahidə edirik. Mənim təcrübəmdə 19 yaşlı xanımda süd vəzi xərçənginin ən ağır forması ilə rastlaşmışam. Kolleqalarımızın təcrübəsində isə 13 yaşlı uşaqlarda süd vəzi xərçənginə rast gəlinib. Burada yaş düşünmək lazım deyil. Hər bir xanım və hətta valideynlər qız uşaqlarını vaxtında müayinəyə aparmalıdır. Ən azından evdə əlləmələr zamanı ələ yad bir nə isə dəydikdə qız uşaqlarını həkimə göstərmələri tövsiyyə olunur. Hökmən bir şikayət olmasını gözləməkdənsə qız övladını mütəmadi USM elətdirmək vacibdir. Elə də olur ki, məktəb yaşlı qız uşaqlarında hər hansı bir zədələnmədən sonra süd vəzilərində düyünlər əmələ gəlir ki, bunu valideynə bildirməyə utanırlar və gizlədirlər. Belə hallar da sonra müəyyən problemlərə yol açmış olur. Valideynlər qız uşaqlarına qarşı çox diqqətli olmalıdırlar. Bundan başqa, hər bir xanım altı aydan bir USM-dən, 35 yaşdan yuxarı isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçməlidirlər.
- Hansı hallarda xanımlar mammoloq-onkoloqa müraciət etməlidirlər?
- Biz hər gün çağırışlar edirik ki, heç bir şikayət olmasa belə mütəmadi süd vəzi yoxlanışları olmalıdır. Xərçəngi vaxtında aşkarlamaq üçün mütəmadi müayinələr vacibdir. Hər hansı xəstəliyi oturub gözləmək gecikmiş bir hala gətirib çıxara bilər. Bayaq qeyd etdiyim kimi, ildə və hətta mümkünsə altı ayda bir onkoloq-mammoloqa müraciət etməklə xərçəngin vaxtında aşkarlanmasını müəyyən edə bilərsiniz. Əgər xərçəng ilk mərhələdə onkoloq-mammoloq tərəfindən aşkarlanırsa vaxtında qarşısı alınır və xəstə daha tez sağalır. Çünki bu xəstəlik gec aşkarlananda həkimin də işi çətinləşir və xəstə uzun müalicəyə, kimyaterapiyaya məruz qalmış olur. Xərçəng heç bir əlamət vermir deyə xanımlar da vaxtında müayinəyə müraciət etmirlər. Yenə də deyirəm, heç bir şikayət olmasa belə müayinə olunmaq vacibdir. Hazırda bu kimi xəstəliklər geniş yayılmışdır. Odur ki, vaxtında sağəlamlığın qeydinə qalmaq lazımdır.
- Müalicə gecikərsə nə kimi fəsadlara gətirib çıxara bilər?
- Təcrübədə olub ki, biz xərçəngi hüceyrədə müşahidə etmişik və vaxtında aparılan müalicə ilə xəstə heç bir kimyaterapiya almadan hormonal dərmanlar vasitəsilə müalicəsini davam etdirib. Bəzən belə də olur ki, bilərəkdən və ya bilməyərəkdən xəstənin əlinə düyünlər dəyir amma məsuliyyətsizlikdən həkimə müraciət etmir. Bu zaman xərçəng böyüyür və ya özü böyümədən qolaltı limfalara yayılmış olur. Yenə də müraciət olunmazsa, artıq xərçəng ciyərlərə, sümüklər və digər orqanlara metastaz verir ki, bu da artıq ağır forma sayılan dördüncü mərhələyə gətirib çıxarır. Belə halda xəstənin tam sağlaraq əvvəlki vəziyyətinə qayıtması biraz müşkülə çevrilir və ya heç yaxşılaşmır.
- Siz həkim olaraq cərrahi müdaxilədən çox medikamentoz müalicəyə üstünlük verirsiniz. Yəqin ki, vaxtında həkimə müraciət onkoloji problemlərdən yaxa qurtarmağa kömək edir?
- Bəli, mən əsasən xoşxassəli formalar olanda, yəni iltihablaşmış kistalar, iri kistalar olur və ya mastitlərdə ilkin mərhələ olaraq dərmalarla müalicəyə üstünlük verirəm. Burada təbii ki, dərman vasitələrinin nə dərəcədə effektiv olması, şansı varsa kimi işlər önə çəkilir. Əksər hallarda xanımlar dərman vasitələri ilə müalicə etməyimizi xahiş edirlər. Amma biz müayinələrdən sonra xəstəliyin hansı mərhələdə olduğunu müəyyənləşdiririk. Təbii ki, artıq gecikmiş bir mərhələdədirsə, onda xəstəyə izah olunur ki, sizin dərmanlarla müalicəniz mümkün deyil və bu halda lazım olarsa kimyaterapiyaya və ya əməliyyata göstəriş olunur. İri iltihablaşmış kistalar olur ki, xəsətələrə deyilir bu əməliyyat olunmalıdır biz onu dərman vasitələri ilə müalicə edirik və çox yaxşı nəticələrə də nail oluruq. Belə nəticələri sosial media səhifələrimizdə də geniş şəkildə paylaşırıq.
- Xanımlara həkim olaraq tövsiyyələriniz?
- İlk öncə özlərini sevməsini tövsiyyə edərdim. Azərbaycan xanımı özünü hamı üçün fəda edir amma bəzi hallarda sağlamlığını unudur. Məsələn, qəbula gələn xanımlardan soruşanda ki, bu qurup vitaminləri qəbul edirsiniz, cavab belə olur: “yoldaşıma içirirəm, amma özüm içmirəm” və ya “övladıma verirəm, amma özüm qəbul etmirəm”. Yəni belə fədakarlıqlarla yanaşı öz sağlamlıqlarını da düşünsünlər.
- Kəmalə xanım, müsahibə üçün təşəkkür edirik.
Həkimlə əlaqə: 070 858 12 63