25.04.2025, 00:11
GəyirməMiqren və onu törədən amillər
Simptomları əsasən gənc yaşlarında yəni 18-30 yaşlarda başlayır, 50 yaşdan sonra isə tədricən zəifləməyə doğru gedir.
Miqren intensiv baş ağrılarının tutmaları ilə özünü göstərən və tez-tez baş verən xəstəliklərdən biridir. Onun baş verməsində əsasən irsi mellilik daha çox rol oynayır. Miqren tutmaları zamanı bərk beyin qlafının damarlarında qəflətən genişlənmə prosesi gedir. Ağrı üçlü sinir neyronlarının aktivləşməsi ilə bağlıdır ki, bu da nəticədə bərk beyin qlafının damarlarında aktiv bioloji materialların ifrazatı ilə nəticələnir.
Miqren xəstəliyindən kişilərə nisbətən qadınlar daha çox əziyyət çəkirlər. Tutmalar əsasən menstruasiya, stres, yuxusuzluq hallarında, hava dəyişkənliyində, uzun müddət günəş altında olanda, səs-küydə, ətriyyat qoxusunda, biq sıra qida məhsullarını qəbul edəndə (şokolad, qoz, krem, toyuq ciyəri, çay, qəhvə və s.) özünü daha çox biruzə verir. Baş ağrılarının başlamasına bir neçə saat və ya sutka qalmış qıcıqlanmalar, süstlük, yuxusuzluq kimi təzahürlər baş verir. Ağrı 0,5-2 saat ərzində şiddətlənir və sonra tədricən keçməyə başlayır.
Miqrenin ümumi davam etmə müddəti 4-72 saat ola bilər. Ağrı birtərəfli (miqren termini özü elə latıncadan tərcümədə - hemicrania-başın bir tərəfində ağrı deməkdir) və həm də iki-tərəfli baş verə bilər.
Ağrı demək olar ki, həmişə ürəkbulanma və bəzi hallarda isə qusma ilə müşahidə olunur. Belə halda xəstələr həmişə qaranlıq və sakit otaq axtarırlar. Bir çox hallarda qusmanın baş verməsi və sonra da xəstənin yuxuya getməsi ağrını yüngülləşdirmiş olur. Əgər ağrıların müddəti (yuxu vaxtı xaric) təqribən 72 saatı keçirsə, onda həmin xəstəyə miqrenoz statusu verilir. Kliniki olaraq miqreni iki hissəyə bölürlər: aurasız miqren (sadə) və auralı miqren (klassik). Miqrenəbənzər ağrılar beyin şişlərinin yaranması anevrizm, qlaukoma və bir sıra xəstəliklərlə müşahidə edilir.
Ümumiyyətlə, ağrılar kəskinləşməsin deyə vaxtında həkimə müraciət etmək lazımdır. Bir çoxlarımız ağrılardan tez yaxa qurtarmaq üçün müxtəlif ağrıkəsici dərmanlar qəbul edirik. Amma yadda saxlamaq lazımdır ki, bu dərmanların özünün də əks təsiri olanları vardır və sonradan bu dərmanlardan asılılıq yaradır, bir çox hallarda isə ağrı xroniki hal almış olur.