Gizli xəstəliklər
  • Məqalələr
  • 25.06.2024, 11:56
  • Alo, Həkim

Gizli xəstəliklər

Gizli xəstəliklər

Elə qadın xəstəlikləri vardır ki, müəyyən vaxt yetişənə kimi qadının özü üçün heç bir narahatlıq yaratmır. Məsələn, buna “uşaqlıq boynunun eroziyası”nı misal göstərmək olar. Bu xəstəlikdən qadın yalnız ginekoloqun qəbulunda olanda xəbər tutur. Statistikaya görə, eroziya geniş yayılmış bir ginekoloji xəstəlikdir.

Bu məsələ ilə əlaqədar bəzi mütəxəssislərin fikirlərini təqdim edirik.

 

Eroziya nədir və nədən yaranır:

Hərfi mənada “eroziya” selikli qişanın qüsurudur. Ona təkcə ginekologiya sahəsində deyil, tibbin digər sahələrində də rast gəlinir. Eroziya geniş yayılmış ginekoloji xəstəlikdir və dünyada qadınların təqribən 70%-də buna rast gəlinir. Çoxları hətta bilmirlər ki, onu nə vaxt müayinə və müalicə etdirmək olar.

Həqiqi eroziyaya nadir hallarda rast gəlinir. Ona görə də, uşaqlıq boynunun eroziyası dedikdə selikli qişanın qüsuru nəzərdə tutulur ki, onu da psevdoeroziya və ya ektopiya adlandırırlar.

İş burasındadır ki, normada uşaqlıq boynunun səthi hamardır və eynilə tutqun çəhrayı rəngdə olur. Əgər eroziya baş verirsə, onda o parlaq-qırmızı rəng almış olur.

Eroziyanın yaranma səbəbləri müxtəlifdir. Çox vaxt eroziya orqanizmdə hormonal dəyişikliklərdən, məsələn, ağır doğuşlardan, çəki problemlərindən, mexaniki zədələnmələrdən və s. bu kimi hallarda ya-rana bilər. Eroziya cinsi yaxınlıq yaşamayan qızlarda, doğan və doğmayan qadınlarda da rast gəlinir.

Eroziyanın yaranmasında və inkişafında infeksiyalar fəal rol oynayır. Onlar selikli qişanı zədələyərək ora daxil olur və iltihab prosesi yardır ki, bu da nəticədə uşaqlıq boynunun selikli qişasında qüsurlara gətirib çıxarır.

Belə çaşqın fikirlər də özünə yer alır ki, doğmayan qadında eroziyanı müalicə etdirməyə ehtiyac yoxdur. Ona fikir vermək lazım deyil, özü-özünə keçib gedəcək. Yadda saxlayın, əgər o uzun müddət müalicə olunmazsa, yeni törəmə meydana gələcəkdir ki, bu da xoşxassəli olduğu kimi eyni zamanda bədxassəli xarakter daşıyır. Hadisənin inkişafının belə risk faktoru cinsi infeksiyalarla, əsasən də insan papillomu ilə yoluxma, erkən cinsi yaxınlıq və çoxlu partnyorlar, hamiləliyin kəsilməsi və s. ola bilər. Ona görə də, əsasən cavan qadınlarda eroziyanın müalicə olunmaması çox təhlükəlidir.

Diaqnostika

Qeyd etdiyimiz kimi, əgər eroziya özünü o qədər də biruzə vermirsə, onu necə diaqnoz etməli? Bunun üçün 35 yaşa kimi müntəzəm olaraq ginekoloji məsləhətlər almaq və hər il öz müalicə həkimindən müayinədən keçmək lazımdır.

Hərdən eroziya zamanı qadınları qeyri-adi ifrazat (orqanizmə infeksiya düşəndə) narahat edir, nadir hallarda isə (genişlənmiş eroziyada) ağrılar yaranır və cinsi yaxınlıqdan sonra qanlı ifrazat müşahidə olunur.

Eroziya ginekoloji müayinə zamanı bilinir və onun yaranma səbəbini aydınlaşdırmaq üçün bir sıra təhlillər verilir, xüsusən də yaxma (mazok), hormonların səviyyəsi yoxlanılır, kolposkopiya aparılır, histoloji müayinə və onkositoloji müayinələr yerinə yetirilir. Bir sıra hallarda isə eroziyanın biopsiyası yoxlanılır. Bütün bunlar müalicə aparmaqdan ötrü qərar qəbul etməkdə köməklik edir. İnfeksiaya müalicəsi ero-ziyanı qabaqlamalıdır. Çünki belə olmadıqda eroziya yenidən baş verəcəkdir. Digər tərəfdən də eroziyanın müalicəsi onun yox olması ilə nəticələnir.

Nə zaman və necə müalicə etdirməli?

Bir çox hallarda eroziya hamiləlik dövründə aybaşının gecikməsi ilə əlaqədar ginekoloqa müraciət zamanı ortaya çıxır. Belə fikirlər də vardır ki, müalicə doğuşa kimi təxirə salınır. Əslində eroziya doğuşdan sonra tədricən çəkilir. Amma hamiləlik dövründə də eroziyanın müalicəsi mümkündür. Təbii ki, əməliyyat yox terapiya üsulu ilə. Yenə də müalicə tərzi eroziyanın yaranma səbəbindən asılıdır: hormonal, infeksiyon və digər.

Eroziyanın müalicə üsulları:

- koservativ (kimyəvi koaqulyasiya – uşaqlıq boynunun xüsusi dərman preparatları ilə işlənməsi)

- cərrahi müalicə (zədələnmiş toxumaların cərrahi yolla götürülməsi)

- lazerkoaqulyasiya – lazerlə işləmə

- kriodestruksiya – maye azotdan istifadə etməklə dondurucu metod

- diamermokoaqulyasiya – elektrik cərəyanı ilə yandırma

İstənilən ginekoloji xəstəliklərin, o cümlədən də, eroziyanın müalicəsinə kompleks yanaşmaq lazımdır. İş burasındadır ki, son illər dünyada qadınların immunitetinin zəifləməsinin əsasında hormonal dəyişikliklər, qeyri-səmərəli müalicə, özünümüalicə, ekoloji və sosial problemlər durur.

Ona görə də, eroziyanı aradan qaldırmaq üçün qadının ümumi sağlamlığı təhlil olunmalı, hormonal göstəricilərin korreksiyasının köməkliyi ilə imuniteti qaldırılmalı, infeksiya boğulmalı və iltihab aradan götürülməlidir.