Dodaqların bal dadar
  • Məqalələr
  • 29.08.2024, 12:04
  • Alo, Həkim

Dodaqların bal dadar

Əllər, saç və dodaqlar qadının vizit kartı hesab edilir. Əgər dodaqlar çatlayırsa, qabığı soyulursa, onda heç bir nəfis makiyaj köməyə gələ bilməz. Belə olan halda hansı öpüşdən danışmaq olar?

Onlar çox zərifdirlər!

Əfsuslar olsun ki, bir çox xanımlar üçün dodaqlara qulluq iki mərhələyə bölünür. Səhərlər dodaq boyası və parlayıcı ilə boyamaq və axşam hamısını silmək. Bəzi məsuliyyətli xanımlar isə dodaqlar çatlamasın deyə onu gigiyenik dodaq boyası ilə boyayırlar.

Diqqət yetirsəniz ilk qırışlar məhz dodaqların ətrafında yaranmağa başlayır. Hələ onların çatlaması, qabıq verməsi və sair haqda danışmırıq. Bu halda cəmiyyət arasına çıxmaq nəzakətsizlik olardı. Buna görə də, ilk öncə onları yaradan səbəbləri tapmalı və sonra məsələni həll etmək lazımdır.

ƏGƏR DODAQLAR ÇATLAMIŞSA...

Günah kimdədir? Dodaqları həmişə yalamaq vərdişi... Bir qayda olaraq bu yorulma, üzülmə və yaxınlaşan stresin əlamətidir. Soyuq hava, toz, güclü külək vəziyyəti daha da ağırlaşdırır.

Nə olmaz:

- dodaqları diş fırçası ilə masaj etmək, eyni zamanda, dəniz duzundan və sərt dodaq boyasından istifadə.

Olar və lazımdır:

- sakitləşdirici preparatlar qəbul etmək. Əgər problem hələ də qalarsa, nevropatoloqa müraciət etmək.

- “ekstremallar” üçün olan variant: aloe şirəsini dodaqlara sürtmək.

- mütləq gigiyenik dodaq boyasından istifadə etməli, o bütün vacib maddələri özündə birləşdirir. Bu vitaminlər qidalandırıcı, nəmləndirici və eyni zamanda antiseptik komponentlərdir. Mütəmadi istifadə daha yaxşı nəticələr verə bilər.

ƏGƏR DODAQ QABIQ VERİRSƏ...

Günahkar kimdir? Maddələr mübadiləsində “pozulma”, orqanizmdə A, E və B qrup vitaminlərin çatışmamazlığı, keyfiyyətsiz kosmetika və eyni zamanda davamlı olaraq sərt dodaq boyasından istifadə. Nadir hallarda dodaqlarda yaranan çatlar şəkərli diabetin simptomu ola bilər.

Nə olmaz:

- dodaqlara vazelin və ya qliserin çəkmək, gigiyenik dodaq boyasından istifadə etmədən küçəyə çıxmaq.

Olar və lazımdır:

- olduğunuz yerdə rütubətin səviyyəsini izləyin. Quru hava olduqca, dodaqların üst qatında daha çox miqdarda su buxarlanır.

- gecələr dodaqlara gənəgərçək yağı, qaz piyi və ya bal ilə qaz piyinin qarışığını çəkin.

- möhkəm dodaq boyasını parlaq nəmləndirici ilə əvəzləyin. Amma bu sədəfsiz olmalıdır. Çünki sədəf hissələridərini cızır və çatlamanın sürətini artırır.

- iki gündən bir hissiyyatlı dəri üçün təyin edilmiş pilinqdən istifadə etməli. Yaxşı olardı ki, onun tərkibində polietilen dənələri də olsun. Onlar yumşaqdır və dərini zədələnmələrə məruz qoymur.

“Nənəmin resepti”ni sevənlər üçün qəhvəüyüdəndən keçirilmiş herkules də köməyə çata bilər. Onu bal və ya yağlı olmayan kəsmik ilə qarışdırın və dodaqlarınıza çəkin. Masaj təqribən iki dəqiqə çəkir və sonra isti su ilə yuyulur. İndi isə dodaqları qalın şəkildə zeytun və ya çaytikanı yağı ilə örtürük. Hövsələniz olsun, “dərmanı” yalamayın.