25.04.2025, 00:11
GəyirməQadınlarda bel ağrıları
Qadınlarla kişilər arasında zahirən bir çox fərqlər olduğu kimi fizioloji fərqlər də çoxdur. Qadınlarda menstruasiya baş verir, onlar hamilə qalır və dünyaya uşaq gətirilər və uşağın da qayğısına daha çox qalırlar.
Menstrual tsikl
Bu qadınları kişilərdən fərqləndirən əsas şərtlərdən biridir. Cinsi yetişkənlik dövründə qızlarda hormonal dəyişikliklər baş verir və hər 28 və ya 29 gün ərzində menstruasiyalar baş verir.
Bəzən qadınlarda menstrual tsikl zamanı gecikmə baş verir və təkcə bu 1,5 – 2 kq. adi çəkiyə əlavə ilə müşahidə olunur. Bu zaman ağırlıq mərkəzi yerini dəyişir, kürəyin aşağı hissəsi və fəqərənin fəaliyyətində də dəyişikliklər baş verir.
Beyində baş verən tsiklik dəyişikliklər menstruasiya öncəsi başlayan simptomlardır. Bir çox alimlər belə hesab edirlər ki, ifraz olunan hormonlar ağrı həddini aşağı səviyyəyə endirir. Belə ki, adi vaxtlarda nəzərə çarpmayan bel ağrıları menstruasiya vaxtı kəskinləşə bilər.
Hamiləlik
Hamiləlik zamanı bədənin mexanikası dəyişir, dölün yetişkənliyindən asılı olaraq orqanizmin yükgötürmə qabiliyyəti azalır. Bundan başqa, qadın orqanizmi doğuşa hazır olmaq üçün xüsusi cinsi hormon olan relaksin ifraz etməyə başlayır. Bütün bunlar onurğanın yükünü artırır və beldə ağrılara gətirib çıxarır. Bunları nəzərə alaraq gələcək ananın çəkisini nəzarətdə saxlamaq lazımdır. Hamiləlik dövründə ümumi çəkiyə 12,5 kq. çəkidən artıq yük əlavə olunmamalıdır.
Əgər qadın hamiləliyə qədər və hamiləlik dövründə yaxşı fiziki formada olursa, onda bu hamiləliyin və doğuşun rahat keçməsinə kömək edir.
Makromastiya
Qadınlarda sinə böyük olanda baş ağrıları, boyunda və bel nahiyəsində sızıltılar, büshalter boyunca ağrılar baş verir ki, bu da makromastiyadır. İri sinəli xanımlarda ağırlıq mərkəzinin yerləşməsi yüksəkdir və irəlidir. Tarazlığı saxlamaq üçün çanaq sümüyünün geri əyilməsi lazım gəlir və bu zaman ağırlıq belin aşağı hissə əzələlərinə düşür.
Bu problemin həlli üçün mümkün üsullar-dan biri plastik cərrahiyyədir. Amma əməliyyat da öz risk və fəsadları ilə yadda qala bilər. Əgər sizin sinəniz böyükdüsə və hesab edirsiniz ki, beliniz məhz bu səbəbdən ağrıyır bunu öz həkiminizlə müzakirə edin. Beldə ağrıkarın bir çox səbəbləri vardır və makromastiya bunlardan yalnız biridir.
Osteoporoz
Osteporoz patalogiyası kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur. Eyni zamanda, yaşlandıqca bu problem müxtəlif fəsadlara səbəb ola bilir. Menapauzadan sonra hormonların ifrazının azalması və ya yumurtalığın çıxarılmasından sonra osteporoz sürətlənə və inkişaf edə bilər.
Osteporoza meylillik irsi xarakter daşıyır. Ona görə də, sizin ananız və ya nənəniz bu xəstəlikdən əziyyət çəkmişsə deməli siz də risk sırasındasınız və profilaktik tədbirlər görmək lazımdır.
Elementar bədən tərbiyəsindən başqa bu xəstəliyə qarşı dərman vasitələri də mövcuddur. Belə dərmanların qəbulu bədəndə sümük kütləsini yüksəldir, omba sümüyü və onurğaya müsbət təsir edir.
Digər spesifik səbəblər
1. Hər bir xanım hündürdaban ayaqqabılarda gəzmək istəyir. Belə ayaqqabılarda gəzərkən bədənin əyilməsi dəyişir, çanaq sümüyü qalxır və ayaqlara düşən güc artır. Hündürdabanlarda gəzmək yerişi, hərəkət balansını və koordinasiyanı dəyişir. Əgər həqiqətən belə ayaqqabılarda gəzmək istəyirsinizsə, onda mütəxəssislərin məsləhət gördüyü kimi həmin ayaqqabıların daban hündürlüyü 5 sm-i keçməməlidir. Əlbəttə ki, bu tuflilərdə çox qalmamaq şərtilə...
2. Bir qədər gülməli olsa da, qadınlarda bel ağrılarını yaradan səbəblərdən biri də onların gündəlik olaraq əllərində və çiyinlərində gəzdirdikləri qadın çantalarıdır. Bu çantalar əziz olduğu kimi çəkiləri də nor-mada olmalıdır.
Bəzən görürsən elə qadın çantası vardır ki, ağırlıqdan kəmərləri qırılır. Məsələn, içərisinə 6 kq. və daha ağır əşyalar yığılır. Belə olan halda nəinki bel ağrıları baş verər, hətta boyunu belə “sındırmaq” olar. Yadda saxlayın sizin çantanız turist çantası deyil ki, ora hər şeyi və ya istənilən qədər ağırlığı yükləyəsiniz.
3. Ana olmaq xoşbəxtlikdir və eyni zamanda ağır əməkdir. Bəzən analar günün çox hissəsini uşaqlarını qucaqda gəzdirirlər. Ata olmaq da bir xoşbəxtlikdir. Ona görə də, uşaqların qucaqda gəzdirilməsini güclü cinsin nümayəndələrinə həvalə etsəniz dalha yaxşı olar. Belinizi qoruyun! Sizin körpəyə sağlam ana lazımdır.